Azərbaycan Mətbuat Şurası əməkdar jurnalist Yalçın Əlizadənin vəfatı ilə bağlı nekroloq yayıb

about1

Azərbaycan jurnalistikasına və elm ictimaiyyətinə ağır itki üz verib. Uzun illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı olmuş, mənalı ömrünü pedaqoji fəaliyyətə sərf etmiş, respublikanın əməkdar jurnalisti professor Yalçın Əlizadə vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Yalçın Mustafa oğlu Əlizadə 1940-cı ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli orta məktəbi bitirib. 1957-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub.1962-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb.

Y.Əlizadə 1974-cü ildə “Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə jurnalistika fakültəsinin dekanı olub.

Azərbaycanda jurnalistikanın həm peşə, həm də elm kimi inkişafında müstəsna xidmətlərə malik Y.Əlizadə radio jurnalistikası sahəsində fundamental araşdırmaları ilə seçilib, ümumən televiziya və radio jurnalistikasının aktual problemlərinə dair çoxsaylı elmi məqalənin, 4 kitabın müəllifi olub.

Gözəl pedaqoq, ləyaqətli insan, daim jurnalist peşəsinin təəsübünü çəkən, konkret əməlləri ilə təmsil oldunğu sahənin inkişafına töhfələr vermiş Y.Əlizadənin əziz xatirəsi onu tanıyan hər kəsin yaddaşında əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına və əzizlərinə, çoxsaylı həmkarlarına, dostlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini və kədərini bölüşürük.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

03.12.2023