Mətbuat Şurasının sədrinin "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi ilə bağlı təbriki
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi ilə bağlı nəşrə təbrik ünvanlayıb. Təbrik mətnində bildirilib:
“Azərbaycan müəllimi” qəzetinin 90 yaşı tamam olur. Bu qəzet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. “Azərbaycan müəllimi” qəzetinin bizim təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu vardır. Mətbu orqanın keçdiyi uzunillik tarixi yola baxsaq görürük ki, ilk nəşrə başladığı illərdə Azərbaycanın tanınmış ədibləri, yazarları, maarifpərvər insanları bu qəzetdə öz yazıları, məqalələri ilə çıxış ediblər. Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsillə bağlılığını nəzərə alsaq, “Azərbaycan müəllimi” qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir. Və bu mətbu orqan hər zaman Azərbaycan ziyalılarının, müəllimlərin, pedaqoji ictimaiyyətin tribunası olub.
Müstəqilliyin ilk illərində bir sıra çətinliklərlə üzləşsə də, “Azərbaycan müəllimi” dövlətin diqqət və qayğısı, kollektivin fədakarlığı sayəsində mətbuat aləmində yenidən qalmağı bacardı. Qəzet hazırda uğurla öz fəaliyyətini davam etdirir. Bu gün Elm və Təhsil Nazirliyi çox geniş bir struktura çevrilibdir. Bu mənada “Azərbaycan müəllimi” qəzeti də qürurla öz keçmişini xatırlayaraq 90 illiyini qeyd etməyə haqqı var. Qəzet təhsilimizin bir tarixidir. “Azərbaycan müəllimi”nin təhsilin, müəllimlik peşəsinin təbliği, ölkənin inkişafındakı rolunun cəmiyyətə çatdırılması istiqamətində xidmətləri danılmazdır.
Arzu edərdim ki, Elm və Təhsil Nazirliyinin strukturunda fəaliyyət göstərən əməkdaşlar ən müxtəlif sahələrdə öz peşəkar, problematik yazılarını bu qəzetin səhifələrində dərc etsinlər.
Mən Mətbuat Şurasının adından “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyini təbrik edir, yaradıcı kollektvə uğurlar arzulayıram. Bu 90 illiyi həm indiki, həm keçmiş əməkdaşların qürurla qeyd etməyə haqqı var.
İnanıram ki, 90 illik bir tarixi yol keçmiş “Azərbaycan müəllimi”ni hələ qabaqda əzmli və uğurlu bir yol gözləyir. Bu yolda kollektivdə təmsil olunan dəyərli həmkarlarıma, təhsil ictimaiyyətinə, bu qəzeti özünə doğma bilən, onun təəssübünü çəkən hər bir kəsə səmimi təbriklərimi və ən xoş istəklərimi çatdırıram".