“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasında araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid kitabın E.Salahovun əvvəl qələmə aldığı nəşrlərin davamı olduğunu, erməni təcavüzünə məruz qalmış Kəlbəcərin ucqar kəndinin tarixindən, üzləşdiyi acınacaqlı durumdan bəhs etdiyini, faktlarla zənginliyini vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvləri Qulu Məhərrəmli, Umud Mirzəyev, Elşad Eyvazlı, Milli Məclisin deputatları Sevil Mikayılova, Rizvan Nəbiyev və Mircəlil Qasımlı, kitabın redaktoru Süleyman Qaradağlı, məsləhətçisi Elşən Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu, jurnalistlər Fərqanə Allahverdiyeva, Məhəmməd Nərimanoğlu və başqaları vəsaitin əhəmiyyətindən söz açaraq, nəşrin Başlıbelin timsalında digər kənd və şəhərlərimizin, onların sakinlərinin üzləşdikləri erməni vandallığını əks etdirdiyini, ibrətamiz mahiyyət daşıdığını diqqətə çatdırıblar.
Müəllif Elxan Salahov Başlıbel haqqında yazmaq ideyasının 22 il əvvələ təsadüf etdiyini, buna kimi kəndin özü, həmçinin işğal dövründə üzləşdiyi durumla bağlı 2 kitab və 1 sənədli film hazırladıqlarını söyləyərək, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.