Mətbuat Şurası AİJA-ya təbrik ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Azərbaycan İdman Jurnalistləri Assosiasiyasına (AİJA) fəaliyyətinin 30 illiyi münasibəti ilə qurumun prezidenti, əməkdar jurnalist Eldar İsmayılova təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib:
“AİJA ölkəmiz üçün taleyüklü bir zamanda yaranıb. Qurum gördüyü işlərlə çoxsaylı çətinliklər və məhrumiyyətlər içərisində olan gənc dövlətdə jurnalistikanın ixtisaslaşmasına, idman jurnalistikasının təşkilatlanmasına müstəsna töhfələr verib.
Beynəlxalq idman mediası və təşkilatları ilə əməkdaşlıq xətti götürmüş AİJA həm ölkəmizi xarici aləmdə ləyaqətlə təmsil edib, həm də idman jurnalistikası ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət reallaşdırıb. Sahəyə belə fundamental yanaşma AİJA-nı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da populyarlaşdırıb, qurum özünə tərəfdaşlar qazanıb.
1997-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyası - AİPS kimi mötəbər təşkilatın tamhüquqlu üzvü olan AİJA hazırda bu qurumun dünyanın müxtəlif yerlərində düzənlədiyi tədbirlərində fəal iştirakla yanaşı, idman sahəsindəki jurnalist təşkilatlarımızın flaqmanı olaraq, ölkəmizdə nüfuzlu beynəlxalq toplantıların təşkilini həyata keçirir.
AİJA-nın çoxşaxəli fəaliyyəti və ötən müddətdə əldə etdiyi uğurlar təşkilatın gələcəyi üçün təminatdır. Əminik ki, möhkəm təməllər üzərində inkişaf edən yubilyar qurum bundan sonra da eyni dəst-xətti və yüksək əzmkarlığı qoruyaraq, Azərbaycana, Azərbaycan idmanına xidmət yolunda yeni müvəffəqiyyətlər qazanacaq.
Sizi, bütövlükdə AİJA ailəsini 30 illik yubiley münasibəti ilə təbrik edir, şəxsinizə, qurumun dinamik və işgüzar heyətinə ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq”.