Mətbuat Şurası və Türkiyə Qlobal Jurnalistlər Şurası arasında əməkdaşlıq protokolu imzalanıb

about1

Türkiyə Qlobal Jurnalistlər Şurası (Küresel Gazeteciler Konseyi – KGK) ilə Azərbaycan Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq protokolu imzalanıb. Sənəd MŞ sədri Rəşad Məcidin qardaş ölkəyə səfəri çərçivəsində ərsəyə gəlib.

R.Məcid və Türkiyə Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dimin imzaladıqları protokoldan məqsəd Türkiyə və Azərbaycanın media qurumları və jurnalistləri arasında qarşılıqlı iş birliyini gücləndirməkdən, peşəkar təcrübə mübadiləsini təşviq etməkdən və ortaq media layihələrinin həyata keçirilməsinə şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, tərəflər konkret olaraq, media təhsili və peşəkar inkişaf proqramlarının təşkilini, jurnalist mübadiləsini və ortaq təlimlərin keçirilməsini, media etikası və ictimaiyyətlə əlaqələr sahəsində birgə layihələrin reallaşdırılmasını planlaşdırırlar. Həmçinin, qarşılıqlı səfərlərin, forum və konfransların təşkili, ortaq nəşrlərin hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi də protokolun əsas istiqamətləri sırasındadır.

Ümumən, tərəflər imzaladıqları bu sənədlə iki ölkə arasında media əməkdaşlığının institusional əsasda inkişafına, regional və beynəlxalq informasiya mübadiləsinin yeni səviyyəyə yüksələcəyinə ümid bəsləyirlər.

Onu da bildirək ki, M.A.Dim Azərbaycan və Türkiyə media əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Mətbuat Şurasının diplomu ilə təltif olunub. R.Məcid diplomu türkiyəli həmkarına təqdim edib.

08.11.2025