Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib

about1

Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib. Toplantını giriş sözü ilə Komissiya sədri, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı açaraq bildirib ki, rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizlə bağlı həssas məqamlara, xüsusən dövlət başçısının dilimizin qorunmasının vacibliyinə dair fikirlərinə adekvat fəaliyyəti hədəf seçib. Komissiyanın işinin daha səmərəli qurulması üçün onun tərkibinə dilçi alimlər və mütəxəssislər cəlb olunub. V.Mahirqızı eyni zamanda mediadakı dil pozuntuları ilə bağlı bəzi xarakterik məqamlara diqqət çəkib, qurumun üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli mediada, xüsusən onlayn mediada Azərbaycan ədəbi dilinin qorunmasına yönələn müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb. O, dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımların atılmasının faydalı ola biləcəyini deyib.

Toplantıda çıxış edənlərdən Dil Komissiyasının üzvləri - Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, həmin təhsil ocağının Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, həmçinin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Yeganə Hacıyeva media məkanında ana dilindən istifadə sahəsindəki pozuntularla bağlı xarakterik tendensiyalara diqqət çəkib, belə halların aradan qaldırılması üçün sistemli monitorinqlərin aparılmasının, onların nəticələrinin cəmiyyətə çatdırılmasının vacibliyi, habelə jurnalistlərə konkret dil xətalarının əksini tapdığı tövsiyə mətnlərinin ünvanlanmasının əhəmiyyəti üzərində dayanıblar.

Qeyd edək ki, Mətbuat Şurasının Dil Komissiyasının tərkibi Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında təsdiqlənib. Sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfəddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olan tərkibdə adları çəkilən şəxslərlə yanaşı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, həmin təhsil ocağının Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyev, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, əməkdar artist Nərgiz Cəlilova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov, İTV telekanalının aparıcısı Vüsalə Məmmədova, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu ilə yanaşı, MŞ-nin İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev yer alıb.

09.01.2026