Mətbuat Şurası əməkdar jurnalistin vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri respublikanın əməkdar jurnalisti Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndirdiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Jurnalist fəaliyyətinə 1992-ci ildə başlamış, müxtəlif illərdə “Yurddaş”, "Ayna-Zerkalo", “Exo” qəzetlərində, "Minval.az" və “Minval Politika” xəbər portalında çalışmış T.Qasımovanın həyat yolu peşəyə sədaqətli xidmətin nümunəsidir.
Nurani imzası jurnalistikanı cəmiyyətə intellektual yaradıcılıq mühiti, dərin analitik təhlil müstəvisi kimi tanıtdırmışdı. Bu cəhət ona nəinki ölkəmizdə, eyni zamanda, xaricdə də populyarlıq qazandırmışdı.
T.Qasımova kimi istedadlı və nümunəvi qələm sahibinin yoxluğu media cameəmiz üçün böyük itkidir. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu itkinin acısını və üzüntüsünü bölüşür, mərhumun doğmalarına səbr və təmkin diləyirlər.
Allah rəhmət eləsin!