Qafar Çaxmaqlının 70 illik yubileyi ilə bağlı toplantı keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist və alim Qafar Çaxmaqlının (Mehdiyev Qafar Qələndər oğlu) 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın həyat yolundan söz açıb.

R.Məcid bildirib ki, Q.Çaxmaqlı 1956-cı il avqustun 16-da Ermənistanın Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra “Kommunist” (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb və 1989-cu ilə qədər burada baş müxbir və bölgə müxbiri olub.

1990–1991-ci illərdə “Vətən səsi”, 1991–1992-ci illərdə “Xalq qəzeti”ndə, 1992–1993-cü illərdə “Millət” və “Yeni Azərbaycan”, 1993-1995-ci illərdə “Vətəndaş”, 1995-1996-cı illərdə “Avrasiya”, 1996-1999-cu illərdə “Respublika” qəzetlərində çalışıb.  

Q.Çaxmaqlı 1999–2000-ci illərdə Türkiyədə Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb. 2000-2006-cı illərdə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən həmin universitetin jurnalistika fakultəsində dərs deyir. “Erməni məsələsi” ilə əlaqədar tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu. 1890–1920-ci illər erməni və Türkiyə mətbuatının materialları əsasında” namizədlik dissertasiyasını tamamlayaraq siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Q.Çaxmaqlı jurnalist olmaqla yanaşı, dəyərli alim və ölkəmizin barmaqla sayılacaq ermənişünaslarındandır. Onun “Qars adlı vətən” (2000), “Erməni məsələsi” tarixin izi ilə” (2008), “Dağlıq Qarabağ işğaldan sonra və əvvəl” (azərbaycanca və türkcə, 2011) kitabları işıq üzü görüb. Qafar müəllim jurnalistikanın təşkilatlanmasına da töhfələr verib. 2004-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasını yaradıb. “Yeni Avrasiya” qəzetinin baş redaktoru olub. “Ekspress” qəzetində müxtəlif mövzuda köşə yazıları ilə çıxış edib. Həmçinin, 2007-ci ilin fevralından MAJL Ermənişünaslıq Mərkəzinin rəhbəri kimi bu sahədə aparılan tədqiqatların sistemli şəkil almasına böyük səylər göstərir.

Yubilyar tədqiqatçı kimi beynəlxalq elmi konfranslarda çıxışlar edib, onun 100-dən çox elmi məqaləsi çap edilib. Jurnalistika sahəsində “Qızıl qələm”, “Dan ulduzu”, “Ustad” və sair mükafatlara layiq görülüb. 2005-ci ildə Azərbaycan mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edilib. R.Məcid Q.Çaxmaqlının hazırda Türkiyənin Erciyəz Universitetində ermənişünaslıq bölümünün və Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri olduğunu da deyib, yubilyara rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.

Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin əməkdaşları - İlqar Həsənov, Məsaim Abdullayev və İmran Bədirxanlı, veteran jurnalist Bəyalı Rzayev Q.Çaxmaqlını həm əsl jurnalist, həm dəyərli ziyalı, həm alim, həm də səmimi dost və qayğıkeş həmkar kimi xarakterizə edən cəhətlərdən söz açıb, xatirələrini bölüşüblər.

31.08.2026