Sədr

 

 

 

 

 

 

 

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri

Rəşad Müseyib oğlu Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1985-ci ildə "Elm və həyat" jurnalında korrektor kimi başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib.

1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb.

1991–1992-ci illərdə əvvəlcə "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini olub.

1992-ci ildə "525-ci qəzet"i təsis edib. 

1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub.

1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.

1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis qurultayında (Azərbaycan Jurnalistlərinin I Qurultayı) Rəşad Məcid qurultayın iclaslarının əsas aparıcılarından biri olub, Şuranın İdarə Heyətinin üzvü seçilib. Azərbaycan jurnalistlərinin bütün hesabat-seçki qurultaylarında Mətbuat Şurasının İdarə Heyətinə üzvlüyü yüksək səs çoxluğu ilə dəstəklənib.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, 2004 və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub.

2016 və 2020-ci illərdə dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib.

Müxtəlif illərdə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib.

2021-ci ilin iyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.

Rəşad Məcid ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Polşa, Yunanıstan, Kipr, Cənubi Koreya, Küveyt, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdə mətbuat və ədəbiyyatla bağlı keçirilmiş bir çox tədbirlərin iştirakçısı olub, dəfələrlə Avropa Şurasının Parlament Assambleyasının Fransanın Strasburq şəhərində keçirilmiş iclas və toplantılarında mətbuat nümayəndəsi kimi Azərbaycanı təmsil edib.

Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.