“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı beynəlxalq media konfransı keçirilib

about1

Azərbaycan Mətbuat Şurasının və Qlobal Jurnalistlər Şurasının təşəbbüsü ilə Bakıda  “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı beynəlxalq media konfransı keçirilib.

Toplantıda çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan Respublikası dinlərarası, millətlərarası dialoqun, tolerantlıq mühitinin bərqərar olduğu, bununla bağlı çoxsaylı nüfuzlu beynəlxalq toplantıların keçirildiyi məkandır. “Elə bugünkü konfransa evsahibliyi də medianın ölkəmiz üçün aktuallığını vurğulayır. Əminəm ki, Bakı Beynəlxalq Media Konfransı gələcəkdə media sahəsində beynəlxalq diskussiyaların aparılacağı platforma kimi özünü təsdiqləyəcəkdir. Biz istərdik ki, bu platforma dünyanın ən aparıcı media qurumlarının nümayəndələrinin, tanınmış söz sahiblərinin tribunasına çevrilsin. Sizlərin köməyi ilə bu istəyimizi gerçəkləşdirəcəyik”, - deyən Ə.Amaşov vurğulayıb ki, internet media vasitələrinin sürətli artması və sosial şəbəkələrin aktivliyi, blogerlik istitutunun güclənməsi fonunda söz və ifadə azadlığı kimi ali dəyərlərə baxış da dəyişməkdədir. Bununla bağlı meyllər daim diqqətdə saxlanılmalıdır.

Dünyada söz və mətbuat azadlığı ilə bağlı nəzərə çarpan hadisə və proseslərə reaksiyaların zamanında göstərilməsi önəmini diqqətə çatdıran Ə.Amaşov bu azadlıqlardan bəzi sui-istifadə hallarına qarşı vahid mövqedən yanaşılmasının zəruriliyini əsaslandırıb. “Azərbaycan bir ölkə olaraq ikili standartlardan əziyyət çəkir. İkili standartlarla yanaşmanın başlıca vasitəçisi rolunda eyni zamanda media da çıxış edir. Ümumənsə məsələ yalnız bizim ölkəmizlə bağlı deyil. Dünyada baş verən bir çox proseslərə münasibətdə ikili standartlardan irəli gələn qeyri-obyektivliyin, qərəzin şahidi oluruq. Təbii ki, belə hallar bizləri düşündürməlidir. İnanmaq istərdim ki, bu günkü Bakı toplantımız bu sayaq mənfi təmayüllərə münasibətdə vahid obyektiv mövqedən çıxış edən platforma olaraq da özünü təsdiqləyəcək, gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirəcəkdir”, - deyə Ə.Amaşov vurğulayıb.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim çıxışında Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan və Türkiyə mediasının ortaq hədəflərinin olduğunu qeyd edən Mehmet Ali Dim Türkiyədə çoxsaylı media təşkilatlarının olduğunu deyib. O bildirib ki, bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Qlobal Jurnalistlər Şurası Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bu təşkilatın sıralarında yer alır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illik yubileyi münasibətilə bütövlükdə türk dünyasının diqqəti Bakıdadır. Türkdilli ölkələri təmsil edən dövlət başçıları ilə yanaşı şəhərimizə media təmsilçilərinin də təşrif buyurmasının əhəmiyyətini vurğulayan Ə.Həsənov dövlətimizin ölkə mediasının regional və beynəlxalq əlaqələrinə böyük önəm verdiyini vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanla bağlı informasiyaların, həqiqətlərin regionumuz və dünyada yayılması, ölkəmizdə görülən işlər haqda hər kəsin məlumatlı olması vacibdir. Ə.Həsənov çıxışında həmçinin bildirib ki, Azərbaycan neftdən gələn gəliri insan kapitalı və digər sahələrin inkişafına yönəldib. Azərbaycan mediası üçün də bu illərdə gözəl imkanlar yaradılıb.1998-ci ildə senzuranın ləğvindən sonra azad mediadının inkişafı məsələlərinə toxunan Prezidentin köməkçisi həmçinin dövlətin azad mediaya dəstək olduğunu diqqətə çatdırıb. “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı beynəlxalq media konfransından istifadə edib Türkiyənin və Azərbaycanın problemlərini çatdırmaqla, haqqın yanında olduğumuzu, sülh istədiyimizi dünyaya çatdırmalıyıq. Antitürk və islamafob dairələr, bəzi media qurumları tərəfindən Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz kampaniyalar həyata keçirilməkdədir. Belə kampaniyalara qarşı birlikdə sinə gərməli, mübarizə aparmalıyıq”, - deyən Ə.Həsənov Azərbaycan və Türkiyə mediası ilə yanaşı, hər iki ölkənin  diasporunun da birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən “Habertürk” televiziyasının əməkdaşı Bülənt Aydəmir bu gün Türkiyənin mübarizəsinə qarşı təbliğat aparıldığını söyləyib: “15 milyard dollara qədər silah və sursat verdikləri terror təşkilatından Türkiyəyə qarşı istifadə ediblər. PKK istifadə olunan terror təşkilatıdır. Şanlıurfada, Suruçda, Dolmabaxcada, Ankarada öz millətini öldürən terror təşkilatından danışırıq. Türkiyənin Suriyada apardığı əməliyyat təhlükəsizliklə bağlıdır, qəti olaraq hansısa ölkənin ərazisini işğal etmək məqsədi daşımır. Bu gün Türkiyə müdafiə naziri Hulusi Akar deyib ki, 122 km ərazi terrorçulardan təmizlənib. Türkiyə ordusunun bütün ərazini terror təşkilatından təmizləməyə gücü və qüdrəti var. Türkiyəyə imperialist dövlətlərə qarşı bütün ölkələr dəstək verməlidir. Bu baxımdan medianın köməyi də önəmlidir".

Tədbirdə çıxış edən millət vəkili, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu medianın yumşaq güc olduğunu nəzərə çatdırıb: “İnformasiyaya hakim olan dünyaya hakim olacaq. İnformasiyanı yayan da bizlərik”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu tədbirin Türk Şurasının yubiley Zirvə Görüşü ilə eyni vaxta təsadüf etdiyini bildirib. Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara toxunan H.Babaoğlu qeyd edib ki, bu gün müharibə təkcə hərbi müstəvidə deyil, eyni zamanda, informasiya müstəvisində gedir. Belə olan halda dost və müttəfiq ölkələrin informasiya resurslarının birgə fəaliyyət göstərməsi də günün aktual məsələsidir. Əgər 20-30 il bundan əvvəl informasiya sadəcə məlumat əldə etmək və onu ötürmək, məlumat mübadiləsi funksiyasını yerinə yetirirdisə, bu gün dünyada informasiya müharibəsi gedir. Bütün müharibələrin ən təhlükəlisi məhz informasiya müharibəsidir. Yeni media mövzusuna toxunan Hikmət Babaoğlu qeyd edib ki, bu gün informasiya institusionallaşdırılaraq idarəetmə vasitəsinə çevrilib. Hazırda informasiya həyatımıza müdaxilə etməklə həm onun keyfiyyətini müəyyənləşdirir, həm də insanda yeni bir sosial kimlik formalaşdırır.

Qeyd edək ki, panel iclaslarla işini davam etdirən “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı beynəlxalq media konfransı çərçivəsində təşkil olunmuş qəbula Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu da qatılıb. Toplantıda çıxış edən M.Çavuşoğlu dünya birliyinə ölkələrimizlə bağlı həqiqətlərin çatdırılmasında Bakı beynəlxalq media konfransında yaradılmış platformanın əhəmiyyətini vurğulayıb. Türkiyə XİN rəhbərinə Azərbaycan Mətbuat Şurasının diplomu təqdim edilib.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dimə də Azərbaycan Mətbuat Şurasının diplomu ilə təqdim olunub. O, Azərbaycan və Türkiyə arasındakı media əməkdaşlığının inkişafındakı xidmətlərinə görə təltif edilib.

16.10.2019