BDU-nun Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub

about1

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub. Toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, BDU-nun rəhbərliyi, o cümlədən Jurnalistika fakültəsinin pedaqoji kollektivinin üzvləri və tələbələr iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev çıxışında Jurnalistika fakültəsində peşəkar kadrların hazırlanması zamanı tələbələrin praktik bilik və bacarıqlara yiyələnmələrinin əhəmiyyətindən söz açıb. O, bu baxımdan “Azərbaycan Mətbuat Şurası” auditoriyasının əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

MŞ sədri Rəşad Məcid də “Azərbaycan Mətbuat Şurası” auditoriyasının tələbə-jurnalistlərin təcrübi biliklərə yiyələnmələrinə dəstək perspektivindən danışıb. O bildirib ki, Şuranın Şikayətlər üzrə Komissiyasının iclaslarının bu auditoriyada tələbələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. R.Məcid həmin iclasların jurnalist fəaliyyəti ilə bağlı nöqsanları aşkara çıxarmaq baxımından əhəmiyyətli tərəflərinə diqqət çəkib və deyib ki, tələbələr iş prosesindəki spesifik cəhətlərə nəzər salmaqla, peşəkar fəaliyyətləri zamanı səhvlərdən sığortalana biləcəklər: “Düşünürəm ki, bu, onların yetişməsində mühüm rol oynayacaq”.

MŞ sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Azərbaycan Mətbuat Şurası” auditoriyasının yaradılması təşəbbüsünün konkret məqsədlərindən söz açıb.  O, mövcud təşəbbüsün ilk növbədə Şura ilə Jurnalistika fakültəsinin əlaqələrini daha da genişləndirəcəyinə inandığını deyib. İkinci məqsəd MŞ İdarə Heyətinin üzvləri ilə tələbələr arasında müntəzəm görüşlərin təşkilidir. Üçüncü məqam MŞ-nin bəzi komissiyalarının iclaslarının fakültədə təşkilidir ki, bu, gənclər üçün maraqlı və əhəmiyyətlidir.

Toplantıda çıxış edənlərdən BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, MŞ sədrinin müavini, ATV telekanalının prezidentinin müşaviri Səadət Məmmədova, MŞ İdarə Heyətinin üzvləri – Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları “Azərbaycan Mətbuat Şurası” auditoriyasının perspektiv faydaları ilə bağlı düşüncələrini bölüşüb, təşəbbüslərini səsləndiriblər.

17.04.2024