Mətbuat Şurasının təşəbbəsü ilə ustad jurnalist Nəsir İmanquliyevin 110 illik yubileyi ilə bağlı toplantı keçirilib

about1

Bu gün Azərbaycan jurnalistikasının görkəmli siması, böyük ziyalı, pedaqoq, alim Nəsir İmanquliyevin anadan olmasından 110 il ötür. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında ustad sənətkarla bağlı anım tədbiri keçirilib. Toplantı iştirakçılarının bir qrupu əvvəlcə II Fəxri Xiyabanda N.İmanquliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan milli mətbuatında və publisistikasında Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli ənənələrinin davamçısı olmaqla yanaşı, özünəməxsus parlaq ziyalı obrazı yaratmış şəxsiyyətdir. Onun həyat və yaradıcılığı jurnalist peşəkarlığı ilə ziyalı cəsarəti və mərdliyinin bənzərsiz və təkrarsız nümunəsidir. “Nəsir müəllimin ömür yoluna diqqət yetirən zaman, onun haqqında söylənilən fikirləri oxuduqca düşünürsən ki, bir adam necə bu qədər geniş fəaliyyət diapazonuna malik ola bilərdi? Hesab edirəm ki, bunu yalnız və yalnız Vətənini, xalqını sidq ürəklə sevən insan bacarardı. Nəsir müəllim əməli ilə xalqını sevməyin son dərəcə böyük örnəyi idi və örnək kimi də qalacaq. Onun ana dilimizə qarşı basqılara mətanətlə sinə gərməsi, inadkarlığı, mərdliyi heyrət doğurur. Bildiyiniz kimi, o zaman “Yeni yol” qəzeti nəşr olunurdu. O qəzetdə Azərbaycan dili, milli kimlik məsələlələri qabardılırdı. Sovet sistemi buna qarşı çıxaraq nəşrin fəaliyyətini dayandırdı. Həmin vaxt Nəsir müəllim Azərbaycan rəhbərliyinə, şəxsən Mircəfər Bağırova etiraz məktubu ünvanladı”, - deyən Ə.Amaşov həmçinin bildirib ki, N.İmanquliyevin jurnalistlik fəaliyyətində “Bakı” və “Baku” axşam qəzetləri müstəsna önəm daşıyıb. Ustad qələm sahibinin qurucusu olduğu və 30 il redaktorluq etdiyi bu nəşrlər Azərbaycan jurnalistikasına yeni ahəng və ruh gətirib. MŞ sədri çıxışında eyni zamanda N.İmanquliyevi tələbələrin sevimlisi olan tələbkar pedaqoq, qayğıkeş müəllim kimi xarakterizə edən cəhətlərdən də söz açıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılov özünün jurnalist kimi formalaşmasında Nəsir İmanquliyevin böyük rolunun olduğunu vurğulayıb. O bildirib ki, Nəsir müəllim tələbkarlığı ilə redaksiyanı nizamda saxlamaq qabiliyyətinə malik idi. Redaksiyada yaradıcı mühit, böyük məsuliyyət formalaşdırırdı. Tənqidlə ictimai əhəmiyyət daşıyan məsələlərə sanki nəfəs verirdi: “Biz gənc jurnalistlər Nəsir müəllimin məsləhətləri sayəsində yazdığımız yazıların doğurduğu reaksiyadan onun necə düzgün istiqamət müəyyənləşdirdiyini hiss edirdik və bu bizi ruhlandırırdı”.

Uzun illər “Bakı” və “Baku” qəzetlərində çalışmış, hazırda bu nəşrlərin baş redaktoru olan Ağahüseyn Hüeseynov bildirib ki, Nəsir İmanquliyev Azərbaycanın həm mətbu, həm də ictimai-siyasi həyatında böyük şəxsiyyətdir. “Mən xüsusən Nəsir müəllimin kadr seçimi üzərində dayanmaq istərdim. O, bir ünsiyyəti ilə müəyyənləşdirirdi ki, qarşısında dayanan adamdan jurnalist çıxacaq, ya yox. Unikal duyumu vardı. Böyüklə böyük, kiçiklə kiçik idi. Qəzet əməkdaşlarının hər birinin qəlbinə yol tapmağı bacarırdı. Yaratdığı məsuliyyət mühiti hamını yaradıcılığa səsləyirdi”, - deyə A.Hüseynov əlavə edib.

“Fikirlərdə, düşüncələrdə əbədi qalmaq hər kəsə nəsib olan xöşbəxtlik deyil. Nəsir müəllim belə şəxsiyyət idi. O, yaradıcılıqda yaşıl işıq kimi xatırlanır”, - deyən Azərbaycanın əməkdar jurnalisti, yazıçı-publisist Flora Xəlilzadə tələbəsi olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alarkən ustad qələm sahibi pedaqoqla bağlı xatirələrindən söz açıb. Onun tələbələrə qayğısını ifadə edən konkret misallar göstərərək vurğulayıb ki, Nəsir İmanquliyevin malik olduğu ali keyfiyyətlərdən söz açmaqla onların hamısı haqqında danışmaq mümkün deyil.

Veteran jurnalist Məzahir Süleymanzadə çıxışında Nəsir İmanquliyevin rəhbərlik etdiyi “Bakı” qəzetinin dil və üslub xüsusiyyətləri baxımından digər dövrü nəşrlərdən fərqləndiyini deyib. “Qəzetdəki materiallar elə dildə yazılırdı ki, hamı onu rahat başa düşürdü. Buna xalq dili deyilir. Baxmayaraq ki, nəşr rəsmi status daşıyırdı, onun mövzu dairəsi həddən artıq geniş idi, ənənəvi konyukturanın tələblərini aşırdı. Bu cəhətlər qəzetə pupulyarlıq qazandırmışdı. İnsanlar köşklər qarşısında növbədə dururdular ki, “Bakı”nı alsınlar. Bütün bunlar isə şübhəsiz Nəsir İmanquliyevin səriştəsindən, zirəkliyindən, yenilikçiliyindən irəli gəlirdi”, - deyən M.Süleymanzadə ustad jurnalisti pedaqoq kimi də xarakterizə edən keyfiyyətlərdən söz açaraq bildirib ki, onun tələbələrindən olmaq  böyük xoşbəxtlikdir.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, şairə, publisist və nasir Telli Pənahqızı Nəsir İmanquliyevin ictimai-siyasi, mədəni həyatda örnək şəxsiyyət olmaqla yanaşı, əvəzsiz liderlik xüsusiyyətlərini də daşıdığını bildirib: “Onun fikirləri, tövsiyələri insanın formalaşmasına müstəsna təsir göstərirdi. Nəsir müəllim hər birimizin həyatında gəzərgi kölgə, mayak idi. Nə qədər ki, xatirələrimiz var o, daim yaddaşlarda qalacaqdır. Xatirələr isə bitib-tükənmək bilmir. Bu gün çox böyük şükranlıq hissi ilə onu xatırlayıram”.

Azərbaycanın əməkdar artisti, televiziya aparıcısı Nailə İslamzadə bildirib ki, nurlu siması, ali keyfiyyətləri ilə dəyər daşıyıcısı, məktəb olan insanlardan söz açmaq, onların həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini yada salaraq ruhlarına ehtiram göstəmək mənəvi borcdur. Nəsir İmanquliyev də belə şəxsiyyətlərdəndir. Onun xatirəsi hər zaman yaddaşlarda qalacaq, söz sənətinin davamçıları tərəfindən əziz tutulacaqdır.

Veteran jurnalist, “Bakı” və “Baku” qəzetlərinin baş redaktor müavini Ənvər Məşədiyev çıxışında N.İmanquliyevin rəhbərliyi altında sözügedən qəzetlərdə çalışdığı illərə ekskurs edib. O deyib ki, bu qəzetlər o dərəcədə böyük potensiala malik idilər ki, onun əməkdaşları müxtəlif sahələr üzrə çıxan nəşrlərin də hazırlanıb çapa verilməsində yaxından iştirak edirdilər. Nəsir müəllim özünün tükənməz enerjisi ilə bu işlərin hamısına rəhbərliyi həyata keçirirdi.

MŞ-nin sədr müavini, Beynəxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Nəsir İmanquliyev yüksək mənəvi keyfiyyətləri ilə sağlığındaykən axirəti qazanmış simadır. “Əlbəttə, onun şəxsi xarakteri bütövlükdə cəmiyyətin, xalqın mənafelərinin təminatına səfərbər olmuşdu. Hesab edirəm ki, Nəsir müəllim kimi insanlarla cəmiyyət daha da möhkəm olur”.

“Milli jurnalistikamızda “Molla Nəsrəddin”, “Füyuzat” məktəbi olduğu kimi “Bakı” məktəbi də var. Bu məktəb Nəsir İmanquliyevin məktəbidir ”, - deyən filologiya elmləri namizədi, jurnalist və publisist, Nəsir İmanquliyev irsinin tədqiqatçısı Şərəf Cəlilli vurğulayıb ki, ustad jurnalist tarixi özünün həyatı ilə yaradan və yaşadan simadır. “Türkoloji qurultayın Bakıda keçirilməsindən sonra respublikaya təzyiqlər başlamışdı. Bu basqılara qarşı Nəsir İmanquliyev mübarizə aparırdı. “Yeni yol” qəzeti bağlandıqdan sonra Bakıda Mircəfər Bağırova, Moskvada isə Stalinə etiraz məktubu göndərmişdi. Bu cəsur və qorxmaz hərəkətləri ilə həyatını təhlükəyə atmışdı. Böyük Vətən Müharibəsi illərində cəbhəyə yollanmış və “Döyüşən Krım” qəzetində mühüm fəaliyyət yolu keçmişdi. Həmin qəzetdə sonradan Azərbaycan ədəbi mühitində öz sözünü demiş böyük simalar çalışırdılar. Nəşr cəbhədə döyüşən azərbaycanlılar arasında böyük populyarlıq əldə etmişdi. Müharibədən sonra Nəsir müəllim “Kommunist” qəzetinə gəldi. Burada fəaliyyətini davam etdirdi”, - deyən Ş.Cəlilli vurğulayıb ki, “Bakı” və “Baku” axşam qəzetləri ilə Nəsir İmanquliyev yaradıcılıq yolunda zirvəyə yüksəldi.

Ş.Cəlilli çıxışında eyni zamanda N.İmanquliyevin radio yaradıcılığı ilə bağlı məqamlardan da söz açıb. O bildirib ki, ustad qələm sahibi böyük cəsarət nümayiş etdirərək Azərbaycan radiosunda “Oxu tar, səni kim unudar” adlı müsabiqə təşkil etmişdi. Radioda ana dilində proqramların geniş yer alması, həmçinin futbol şərhlərinin Azərbaycan dilində səslənməsi bilavasitə N.İmanquliyev şəxsiyyətinin xidmətlərinin nəticəsi olmuşdu.

“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, N.İmanquliyev ötən sərin 60-70-ci illərində Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini şöhrətləndirən müəllim idi. T.Aydınoğlu eyni zamanda vurğulayıb ki, ustad sənətkar jurnalistə ictimai xadim obrazı qazandıran şəxsiyyət kimi də tarixdə və onun neçə-neçə tələbələrinin yaddaşında əbədi qalacaqdır.

Toplantıda çıxış edənlərdən “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, MŞ-nin icraçı katibi Şəmsəddirn Əliyev, Azərbaycanın əmədar jurnalisti Aydın Ağazadə, veteran jurnalist Oqtay Ərgünəş və başqaları Nəsir İmanquliyevin Azərbaycanın ədəbiyyatında, incəsənətində özünün koloriti ilə fərqlənmiş tanınmış şəxsiyyətlərin sırasında yer aldığını vurğulayıblar. Onlar bildiriblər ki, ustad jurnalistin həyat və fəaliyyəti bütövlükdə söz sənətinin təntənəsiydi.

22.12.2021