Azərbaycan Mətbuat Şurasının məlumatı

about1

Hər bir media orqanı bu və ya digər şəxsin dünyasını dəyişdiyinin iddia edildiyi bilgilərin paylaşılmasına son dərəcə ehtiyatla yanaşmalıdır. İlk növbədə bu bilgini məlumat kimi qəbul edən şəxslərin emosiyalarını, keçirdikləri hissləri, psixoloji durumu mütləq şəkildə nəzərə almalıdır.

Dünyasını dəyişdiyi iddia edilən şəxs ictimai çəkiyə, nüfuza malik biridirsə, xüsusən ehtiyatlı olmaq lazımdır. Çünki belə insanların hər birinin həm çevrəsi genişdir, həm də onların daşıdıqları missiya digər şəxslərin də həyatına bu və ya digər şəkildə təsir göstərməkdədir.

Bu baxımdan bəzi internet informasiya resurslarının Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Əhməd Vəliyev haqqında paylaşdıqları dəqiqləşdirilməmiş fikirlər, onun dünyasını dəyişdiyini iddia etmələri ciddi təəssüf doğurmaqdadır. Azərbaycan Mətbuat Şurası müxtəlif saytlarda, ayrı-ayrı sosial şəbəkə profillərində belə dəqiqləşdirilməmiş bilgilərin yer almasını pisləyir.

Mətbuat Şurası, həmçinin,  kütləvi informasiya vasitələrini, ümumən fəaliyyətinin cəmiyyəti məlumatlandırmaq olduğunu bəyan edən hüquqi və fiziki şəxsləri bu sayaq yanlışlıqlardan uzaq durmağa, peşə prinsiplərinin dəqiqlik və obyektivlik şərtinə ciddi əməl etməyə çağırır.

21.11.2022