Mətbuat Şurasının tərəfdaşlığı ilə dezinformasiya təmayüllərinə dair ictimai müzakirə

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bu günlərdə Davosda Dünya İqtisadi Forumunun (WEF) “Qlobal Risklər Hesabatı”na ("Global Risks Report") söykənərək deyib ki, hesabatda dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün də əsas risk kimi göstərilib. O, müzakirənin vacibliyinə məhz bu baxımdan aydınlıq gətirib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bütün dünyada dezinformasiya təhdidləri artır və bu artımda sosial media platformalarının çəkisi yüksəkdir. Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsinin olduğunu diqqətə çatdıran agentlik rəsmisi prosesdə ictimai sayıqlığı, media savadlılığını, cəmiyyətin yüksək intellektual səviyyəsini ən güclü silah kimi xarakterizə edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, media subyekləri cəmiyyəti dezinforamsiya təmayüllərindən uzaq tutmaq üçün “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əməl etməlidirlər və bu nümunəviliyin doğurduğu durum sosial media fəallarına da təsir göstərəcək, ikincilər yalan və dəqiqləşdirilməmiş bilgilərin heç bir dividend gətirmədiyinə şahidlik edib fəaliyyətlərində korrektələr aparacaqlar: “Qaydaların birinci prinsipində bildirilir ki, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumən qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacib istinadgahdır”.
İctimai müzakirə çərçivəsində keçirilən tematik sessiyalarda dezinformasiyaya müxtəlif təmayüllərindən söz açılıb. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Mediada innovativ təşəbbüslərə dəstək İB-nin sədri Müşfiq Ələsgərli “Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda çıxış edərək, texnologiyaların yan təsirlərinə, informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.
MŞ İdarə Heyətinin digər üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu “Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu” mövzusundakı sessiyada çıxış edib.
Toplantıda, həmçinin QHT-lərin ictimai nəzarət mexanizmləri barədə fikirlər bölüşülüb, Azərbaycana qarşı hibrid təhdidlərə, informasiya savaşının geosiyasi aspektlərinə və qabaqlayıcı tədbirlərə, habelə qlobal miqyasda hibrid təhdidlərin əhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına, dezinformasiyaların regional dinamikasına və sair məsələlərə nəzər salınıb.