Mediada reklamların təqdimatı ilə bağlı spesifik məqamlar

about1

Media fəaliyyəti və kommersiya maraqları. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlu bu mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, reklam media qurumlarının ayaqda qalmaları üçün vacibdir. Amma onlar yalnız pul qazanmaq barədə düşünməməli, daşıdıqları missiyanı - cəmiyyətə düzgün və obyektiv informasiya çatdırmağı əsas götürməlidirlər.

“Təəssüf ki, bəzi hallarda reklam şirkətləri öz məhsul və xidmətlərini təqdim edərkən yalnız müsbət tərəfləri önə çəkir, mümkün risk və çatışmazlıqlar barədə isə susurlar. Bu da insanların yanlış məlumat almasına və müəyyən məhsullara əsassız etibar etməsinə səbəb olur. Belə hallara xüsusilə sağlamlıq, maliyyə, təhsil, texnologiya və müxtəlif istehlak məhsulları ilə bağlı mövzularda rast gəlinir, - deyən Q.İbrahimoğlu belə durumlarda medianın üzərinə böyük məsuliyyətin düşdüyü qənaətindədir. Onun fikrincə, redaksiyalar ilk növbədə reklam materialı ilə jurnalist yazısı arasında aydın fərq qoymalı, sponsorlu və ödənişli materiallar barədə oxucunu məlumatlandırmalı, eyni zamanda, auditoriyadan gələn irad və şikayətlərə diqqətlə yanaşmalıdırlar.

Q.İbrahimoğlu onu da bildirib ki, daha bir problem mediadakı bəzi reklamların adi xəbər, ekspert rəyi, müsahibə və ya araşdırma formasında təqdimatıdır. Bu zaman oxucu və tamaşaçı qarşısındakı materialın reklam olduğunu anlamır və onu müstəqil jurnalist araşdırması qismində qəbul edir. Nəticədə həmin məhsul və ya xidmət haqqında süni şəkildə müsbət fikir formalaşdırılır. Buna görə də reklam qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət gücləndirilməlidir:

Q.İbrahimoğlu həmçinin jurnalistlərin reklam və media etikası ilə bağlı biliklərinin artırılmasına, oxucuların isə media savadlılığının gücləndirilməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Yəni, birincisi, insanlar oxuduqları və izlədikləri məlumatın reklam, yoxsa müstəqil jurnalist materialı olduğunu özləri də ayırd edə bilməlidirlər. İkincisi və ən əsası, media reklam gəliri əldə etmək naminə auditoriyanın etimadını itirməməlidir: “Çünki reklam mediaya müəyyən maliyyə qazancı gətirsə də, onun uzunmüddətli nüfuzunu müəyyən edən əsas amil oxucunun etimadı və obyektiv informasiya təqdim etmək prinsipidir”.

19.11.2026