Mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi qeyd edildi

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın və “Tusi” Xeyriyyə Cəmiyyətinin birgə təşəbbüsü ilə tanınmış mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, cəmi 37 il ömür sürməsinə baxmayaraq, M.Əsgərov onu tanıyanların qəlbində əbədi iz buraxıb, hörmət və ehtiram qazanıb. Jurnalist hər zaman qətiyyəti, hadisə və proseslərə prinsipial yanaşma tərzi ilə seçilib.
Qeyd edək ki, 1956-cı ilin bu günündə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dünyaya gəlmiş M.Əsgərov Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra Bakı Ali Partiya Məktəbini (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutunu, Moskvada Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu bitirmişdi. Tələbəlik illərindən başlayaraq məqalələri “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə müntəzəm dərc edilmişdi. Hələ gənc yaşlarından özünə oxucu kütləsi toplayan M.Əsgərov 1983-cü ildə Bakı Dərin Dəniz Özülləri Zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunmuşdur. 1987-ci ildən AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri kimi çalışmışdır. 1993-cü ildə vəfat etmişdir.
Məşhur “91-lər”dən - Yeni Azərbaycan Partiyasının qurucularından biri olmuş M.Əsgərov 1992-ci ildə Ulu öndər Heydər Əliyevin tövsiyyəsi əsasında “Real” Müstəqil İnformasiya Agentliyini və “Naxçıvan” qəzetini təsis etmişdir. Ana dili ilə yanaşı, rus və fransız dillərində mükəmməl danışan jurnalistin yüksək səriştəsi, bilik və bacarığı sayəsində ən mürəkkəb və çətin dövrdə dünya mediasının BBC və CNN kimi aparıcı simaları Naxçıvan haqqında silsilə məqalələr dərc etmişdilər.
Bütün bu kimi məqamlar toplantıda iştirak edən şəxslər tərəfindən də vurğulanıb. “Tusi” Xeyriyyə Cəmiyyətinin sədri Yəhya Babanlı bildirib ki, M.Əsgərov qısa, amma örnək həyat yaşayıb, gərgin ictimai-siyasi mühitdə üzərinə böyük missiya götürməyi bacarıb, hər zaman qətiyyəti ilə fərqlənib. Yubilyar barədə xatirələrini bölüşən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev onu parlaq insan, istedadlı qələm sahibi kimi xarakterizə edən cəhətlərdən söz açıb. Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə M.Əsgərovun çətin dövrdə “Naxçıvan” qəzetini təsis etməsini böyük fədakarlıq adlandırıb.
Çıxış edənlərdən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, YAP-ın Səbail Rayon Təşkilatının rəhbəri Muxtar Nağıyev, “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Hümbət Musayev, əməkdar jurnalist Etibar Babayev, MŞ İdarə Heyətinin üzvləri - Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü Əli Əliyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, professor Aydın Mehdiyev və başqaları M.Əsgərovu peşəkar jurnalist, əsl vətənpərvər və təəssübkeş ziyalı kimi səciyyələndirən cəhətlərə diqqət yetiriblər.
Toplantıda bir qrup şəxs “Tusi” Xeyriyyə Cəmiyyətinin “Jurnalist Mirzə Əsgərov adına Fəxri Fərmanı” ilə təltif edilib.