Mətbuat Şurası İdarə Heyəti üzvünün sənədli reportajı böyük maraq doğurub

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist və sənədli filmlər müəllifi Vəfa Həmzəyevanın “KARABAKH DISCOVER” layihəsi çərçivəsində hazırladığı Azıx mağarası haqqında xüsusi reportaj yerli və xarici auditoriyanın marağına səbəb olub. Marağı şərtləndirən başlıca amil dərsliklərdəki məlumatların materialda real görüntülərlə tamamlamasıdır.
Azərbaycan dilində ölkəmizdə, ingilis və fransız dillərində Fransa və Almaniyada yayımlanması təmin edilmiş 15 dəqiqəlik materialda Azıx mağarası barədə dolğun təsəvvür formalaşdırılıb, həmçinin abidənin işğal dövründə erməni vandallığına məruz qalması sənədləşdirilib, onun qədim mədəni irs nümunəsi kimi qorunmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, V.Həmzəyevanın “Xəritənin göstərmədiyi Qarabağ” şüarı ilə həyata keçirdiyi “KARABAKH DISCOVER” layihəsində Qarabağ və Şərqi Zəngəzurun tarixi, mədəni irsi və təbiəti görüntülər, mütəxəssis izahları və faktlarla təqdim edilir.