Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura» adlandırılacaq) bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün yaradılmış könüllü, özünüidarəedən, gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökümət təşkilatıdır.

1.2. Şura fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları, həmcinin bu Nizamnamə əsasında qurur.

1.3. Şura Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından kecirildiyi andan hüquqi şəxs statusu qazanır. Şuranın müstəqil balansı, Azərbaycan və ingilis dillərində olmaqla möhürü, emblemi, ştampı və blankları, firma nişanları, Azərbaycan Respublikasının banklarında hesabları və digər zəruri rekvizitləri var.

1.4. Şura öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiacı və ya cavabdeh kimi cıxış edə bilər.

1.5. Şura öz öhdəliklərinə görə ona məxsus əmlakla və pul vəsaitləri ilə cavabdehdir.

1.6. Şuranın iştirakcılarının Şuraya verdiyi əmlak Şuranın mülkiyyətidir. Şura bu əmlakdan onun Nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər ücün istifadə edir.

1.7. Şuranın iştirakcıları Şuranın mülkiyyətinə verdikləri əmlaka və üzvlük haqlarına öz hüquqlarını saxlamırlar. Onlar Şuranın öhdəlikləri ücün məsuliyyət daşımırlar.

1.8. Şuranın yerləşdiyi hüquqi ünvan: Bakı şəhəri, İbrahimpaşa Dadaşov 60.       

 

2. ŞURANIN FƏALİYYƏTİNİN MƏQSƏDİ VƏ PREDMETİ

2.1. Şuranın fəaliyyətinin məqsədinə aşağıdakılar daxildir:

2.1.1. Azərbaycanda söz və mətbuat azadlığının qorunması;

2.1.2. Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinə, mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması;

2.1.3. Mətbuat vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılması;

2.1.4. Mətbuat azadlığı ilə bağlı məlumat və təkliflərin müvafiq vaxtlarda Azərbaycan hökumətinə, ictimai və digər təşkilatlara, həmçinin ölkədən kənara verilməsi;

2.1.5. Şuranın fəaliyyəti barəsində hesabat sənədlərinin, dünya mətbuatında baş vermiş hadisələrin davamlı icmalının və onlara təsir edən amillər barədə məlumatların nəşr etdirilməsi, analoji strukturlarla informasiya mübadiləsinin aparılması;

2.1.6. Öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, müvafiq xarici orqanlarla (qurumlarla) əməkdaşlığın təşkili;

2.1.7. Mətbuat işçilərinin peşə hazırlığının yüksəldilməsi ücün tədbirlərin görülməsi, mətbuatın adından sui-istifadə hallarının qarşısının alınması və buna dair müvafiq tədbirlərin görülməsi;

2.1.8. Şuraya daxil olmuş ərizə və şikayətlərin araşdırılması və  müvafiq tədbirlərin görülməsi;

2.1.9. Mətbuat işçilərinin Şuranın işində iştiraka cəlb edilməsi, KİV və dövlət orqanları, təşkilat, idarə və müəssisələr, həmçinin KİV və vətəndaşlar arasında münaqişə yarandıqda, məhkəmə müdaxiləsi olmadan münaqişələrin həlli ücün onlara yardım göstərilməsi.

2.2. Şuranın fəaliyyətinin predmetinə aşağıdakılar daxildir:

2.2.1. Jurnalistlərin fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə yardımcı olmaq, eləcə də onların peşə funksiyalarını müstəqil surətdə həyata keçirmək barədə qanunun tələblərinin təmin edilməsinə nail olunması;

2.2.2. Peşə nüfuzunun qaldırılmasında, professional və mənəvi keyfiyyətlərin formalaşmasında, peşə davranışı normalarının gözlənilməsində jurnalistlərə kömək göstərilməsi;

2.3. Şura öz məqsədinə nail olmaq üçün bu Nizamnamədən irəli gələn başqa vəzifələri də həyata keçirə bilər. Şura qarşına qoyduğu vəzifələri yerinə yetirmək məqsədilə:

2.3.1. Dövlət orqanları və ictimai təşkilatlarla əlaqələr qurur;

2.3.2. Qanunvericiliyin və jurnalistika fəaliyyətinə dair təcrübənin təkmilləşdirilməsi ilə bağlı təkliflərlə dövlət orqanlarına və başqa təşkilatlara müraciət edir;

2.3.3. Müstəqil olaraq və ya dövlət idarələri və ictimai təşkilatlarla, digər qurumlarla birlikdə konqreslər, seminarlar və s. tədbirlər keçirir.  Beynəlxalq tədbirlərdə iştirak edir;

2.3.4. Özünün fəaliyyəti ilə əlaqədar bülletenlər nəşr edir;

2.3.5. Beynəlxalq jurnalist ittifaqları və ya təşkilatları (qeyri-hökumət) ilə birbaşa əlaqələr qurur və onları inkişaf etdirir, nümayəndələr mübadiləsini həyata keçirir, üzvlərinin peşə fəaliyyəti ilə əlaqədar xaricə  ezam olunmalarını təşkil edir;

2.3.6. Fəaliyyəti barədə ictimaiyyətə mətbuat vasitəsilə müntəzəm məlumat verir:

2.3.7. Hüquq və səlahiyyətlərinə uyğun olaraq bu Nizamnamədən irəli gələn diğər vəzifələri həyata kecirir.

2.4. Şura hüquqi şəxs kimi Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə, siyasi partiyalara maddi yardım göstərə, həmçinin onlardan belə yardım ala bilməz.

 

3. ŞURANIN ÜZVLƏRİ VƏ ONLARIN VƏZİFƏLƏRİ

3.1. Şuraya üzvlük fərdidir.

3.2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mətbu nəşrlərin təsisçiləri və hüquqi şəxs olan redaksiyaları, informasiya agentlikləri, jurnalist birlikləri və Şuranın Nizamnaməsinin tələblərini  qəbul edən fiziki şəxslər Şuranın üzvü ola bilərlər.

3.3. Şuraya üzv olmaq istəyən şəxs İdarə Heyətinə ərizə ilə müraciət edir. İdarə Heyətinə ərizə təqdim edildiyi gündən bir ay müddətindən gec olmayaraq baxır və ərizə verən şəxs adi səs çoxluğu qazandıqda Şuraya üzv qəbul edilir.

3.4. Üzvlüyə qəbul olunan hüquqi şəxslər gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist birlikləri ildə bir dəfə şərti maliyyə vahidinin 135 misli miqdarında, həftəlik və ya aylıq qəzet və jurnallar isə 90 misli miqdarında üzvlük haqqı verirlər.

3.5. Şura üzvünün aşağıdakı hüquqları var:

3.6.1. Bu Nizamnamədə və başqa sənədlərdə nəzərdə tutulmuş qaydada Şuranın idarəçiliyində iştirak etmək;

3.6.2. Şuranın mərkəzi və başqa orqanlarının seçilməsində səsvermə hüququ ilə iştirak etmək və həmin orqanlara seçilmək;

3.6.3. Şuranın tədbirlərində iştirak etmək;

3.6.4. Şuranın fəaliyyətinə nəzarət etmək və bununla əlaqədar olan məsələlər barədə təkliflər vermək;

3.6.5. Şuradakı fəaliyyəti ilə əlaqədar hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Şuraya müraciət etmək;

3.6.6. Hüquq və vəzifələrinə aid hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Şuranın müvafiq orqanlarına etirazını bildirmək və şikayət vermək

3.7. (Çıxarılıb)

3.8. Şura üzvıünün vəzifələri:

3.8.1. Şuranın nüfuzunu möhkəmləndirmək, onun məqsəd və vəzifələrinin həyata keçirilməsində fəal iştirak etmək, Şuranın rəhbər orqanlarının qəbul etdiyi qərarları icra etmək;

3.8.2. Şuranın seçkili orqanlarının fəaliyyətində iştirak etmək;

3.8.3. Şuranın Nizamnaməsinə və peşə davranışı qaydalarına əməl etmək;

3.8.4. Nizamnamənin tələblərini pozan Şura üzvünə ictimai təsir tədbirləri tətbiq oluna bilər və axırıncı tədbir kimi o, Şuranın üzvlüyündən çıxarıla bilər.

3.10. Şuraya üzvlük aşağıdakı hallarda xitam edilir:

3.10.1. Şuranın üzvlüyündən çıxarıldıqda;

3.10.2. Şuranın üzvlüyündən könüllü olaraq çıxdıqda;

3.11. Şuranın üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

3.11.1. Jurnalist adı ilə bir araya sığmayan və Şuranın nüfuzuna xələl gətirən hərəkətlərə yol verdikdə;

3.11.2. Nizamnamənin tələblərinə əməl etmədikdə.

3.12. Şura üzvlüyündən çıxarılma qərarı Şura üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.

 

4. ŞURANIN STRUKTURU VƏ İDARƏ ORQANLARI

4.1. Şuranın mərkəzi orqanları bunlardır:

4.1.2. Qurultay;

4.1.3. İdarə Heyəti;

4.1.4. Şuranın sədri;

4.1.5. Şikayətlər üzrə Komissiya;

4.1.6. Katiblik;

4.1.7. Nəzarət-Təftiş Komissiyası.

4.2. Şuranın ali orqanı qanunvericiliklə müəyyən olunmuş müddətdən az olmayaraq çağırılan qurultaydır. Qurultayın çağırılması və orada müzakirə olunacaq məsələlər qurultaydan ən azı 30 gün əvvəl Şuranın Sədri tərəfindən elan olunur.

4.3. Qurultayda nümayəndəlik normasını və nümayəndələrin seçilmə qaydasını İdarə Heyəti müəyyən edir.

4.4. Qurultay:

4.4.1. Şuranın fəaliyyətinə dair mühüm perspektiv məsələlər üzrə qərarlar qəbul edir;

4.4.2. Şuranın Nizamnaməsini təsdiq edir, ona əlavələr və dəyişikliklər edir;

4.4.3. Şuranın İdarə Heyətini, Sədrini, Nəzarət-Təftiş Komissiyasını seçir;

4.4.4. Şuranın əmlakının formalaşdırılması və istifadə prinsiplərini müəyyən edir;

4.4.5. Şuranın icra orqanlarının fəaliyyətinə dair hesabatları dinləyir və təsdiq edir;

4.4.6. Jurnalistlərin Peşə Davranışı Qaydalarını, ona əlavələr və dəyişiklikləri təsdiq edir;

4.4.7. Şuranın illik büdcəsini təsdiq edir;

4.4.8. Şuranın yenidən təşkili və ya ləğvi barədə qərar qəbul edir.

4.5. Şuranın növbədənkənar qurultayı Şuranın İdarə Heyətinin, təsisçilərin 1/3-nin, eləcə də Şura üzvlərinin 1/3-dən az olmayan hissəsinin və yaxud Sədrin təşəbbüsü ilə çağırıla bilər. Növbədənkənar qurultay qərar qəbul olunduğu gündən bir ay müddətində çağırılır.

4.6. Qurultayda qərarlar Şura üzvlüyünə dair, habelə bu Nizamnamənin 4.4.2 və 4.4.8-ci maddələrində göstərilən məsələlərdən başqa bütün məsələlər üzrə açıq və ya gizli səs verməklə, sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir qurultay nümayəndəsi bir səsə malikdir. Nizamnaməyə dəyişiklik və əlavələr yalnız qurultayda nümayəndələrin yarıdan çoxu iştirak etdikdə, 2/3 səs çoxluğu ilə qəbul edilə bilər.

4.7. Qurultayda yazılı protokol aparılmalıdır. Protokol qurultayın sədri və katibi tərəfindən imzalanır. Qurultayın protokolu hamı ücün açıqdır.

4.8. Qurultaylararası dövrdə Şuraya rəhbərliyi İdarə Heyəti həyata keçirir.

4.9. İdarə Heyəti Şuranın Sədrindən, onun müavinlərindən və Qurultayda seçilmiş digər üzvlərdən ibarətdir.

4.10. İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və 6 ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, 7-i ictimaiyyətin, 5-i internet portalların nümayəndəsi, ehtiyat üzvlərin isə 2-i jurnalistika, 2-i ictimaiyyətin, 2-i internet portalların nümayəndəsi olmalıdır.

4.11. İdarə Heyətinin üzvləri gizli səsvermə yolu ilə seçilir. Qurultay nümayəndələrinin sadə səs çoxluğunu qazanmış namizəd İdarə Heyəti üzvlüyünə seçilmiş hesab edilir.

4.12. İdarə Heyətinə namizəd olan jurnalistlər və ictimaiyyət nümayəndələri ayrı-ayrılıqda səsə qoyulur.

4.13. Qurultayda hər bir nümayəndə səsvermə zamanı jurnalist namizədlərin siyahısında 11 ad, ictimaiyyətdən olan namizədlərin siyahısında 7 ad, internet portalların nümayəndəsi siyahısında 5 ad saxlamalıdır.

4.14. Jurnalist üzvlüyə namizədlərin siyahısında qurultay nümayəndələrinin sadə səs çoxluğu ilə ən çox səs qazanmış 11 nəfər həqiqi üzv, sonrakı 2 nəfər isə ehtiyat üzv seçilir.

4.15. İctimai üzvlüyə namizədlər siyahısında qurultay nümayəndələrinin sadə səs çoxluğu ilə  ən çox səsini toplayan şəxslərdən 7-i həqiqi üzv, sonrakı 2-i isə ehtiyat üzv seçilir.

4.15.1. İnternet portallardan namizədlər siyahısında qurultay nümayəndələrinin sadə səs çoxluğu ilə  ən çox səsini toplayan şəxslərdən 5-i həqiqi üzv, sonrakı 2-i isə ehtiyat üzv seçilir.

4.16. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 (dörd) ildir. Həmin müddətin bitməsinə iki ay qalmış sədr yeni namizədlərin təqdim olunması barədə müraciət edir. Yeni namizədlərin təqdim olunması prosesi növbəti qurultaya üç həftə qalmış dayandırılır.

4.17. İdarə Heyətinin üzvləri bərabər səlahiyyətlərə malikdirlər.

4.18. Müxtəlif səbəblər üzündən İdarə Heyətinin üzvlərinin sayı azaldıqda İdarə Heyəti boş yerə (yerlərə) bu Nizamnamənin 4.10 və 4.11-ci bəndlərinə əsasən seçilmiş ehtiyat üzvü (üzvləri) həqiqi üzvün yerinə təyin edir.

4.19. İdarə Heyətinin iclaslarında həqiqi üzvlərdən hər hansı biri iştirak etmədikdə sədr onun yerinə ehtiyat üzvlərdən birini dəvət edir və onun səs vermək, həqiqi üzvün bütün hüquq və səlahiyyətlərini həyata keçirmək hüququ var.

4.20. Ehtiyat üzv İdarə Heyətinin həqiqi üzvləri kimi onun iclasları ilə bağlı məlumat almaq, Şuranın fəaliyyətinə dair sənədlərlə tanış olmaq hüququna malikdir.

4.21. Bir həqiqi üzvün əvəzinə təyin olunmuş ehtiyat üzvün yalnız iştirak etdiyi iclasda həqiqi üzvü əvəz etmək hüququ var.

4.22. İdarə Heyətinin aşağıdakı hüquqları var:

4.22.1. Qurultaylarda qəbul edilən qərarların həyata keçirilməsini təmin edir. Şuranın Nizamnaməsinin tələblərinin, İdarə Heyətinin qərarlarının, eləcə də Şuranın əsas tədbirlər planlarının yerinə yetirilməsinə nəzarət edir;

4.22.2. İdarə Heyəti üzvləri arasından Sədrin iki müavinini seçir. Onlardan biri ictimaiyyətdən olan üzvlərin, digəri isə jurnalist üzvlərinin sırasından seçilir;

4.22.3. Şikayətlər üzrə Komissiyanın üzvlərini seçir;

4.22.4. Şuranın Katibliyini yaradır və sədrin təqdimatı ilə onun icraçı katibini seçir; Şuranın aparatının quruluşunu, ştat cədvələrini və vəzifəli şəxslərin maaşlarını təsdiq edir;

4.22.5. Dövlət hakimiyyəti və idarəçilik orqanlarına, eləcə də ictimai təşkilatların orqanlarına Şuranın fəaliyyəti ilə əlaqədar təkliflər verir;

4.22.6. Şuranın maliyyə-təsərrüfat fəaliyyətinə, onun büdcəsinin düzgün icra olunmasına nəzarət edir;

4.22.7. Şikayətlər üzrə Komissiyada və Katiblikdə kargüzarlıq işinin düzgün aparılmasına nəzarət edir;

4.22.8. Şikayətlər üzrə Komissiyaya və Katibliyə daxil olan ərizə, şikayət və məktublara vaxtında və düzgün baxılmasını yoxlayır.

4.23. İdarə Heyəti mətbuatda təcrübəsi olan, peşə hazırlığı Şuranın Peşə Davranışı Qaydalarının prinsiplərinə və tələblərinə cavab verən KİV əməkdaşlarına həmin mətbu orqanın Şuraya müraciəti əsasında şəxsin jurnalistika fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sarı kartlar verir. Kartın forması İdarə Heyəti tərəfindən təsdiq edilir. Sarı kartın alınmasına dair müraciətin baxılması və kartın verilib-verilməməsi qaydaları Şuranın müvafiq Əsasnaməsi ilə tənzimlənir.

4.24. İdarə Heyəti mətbuatın adından sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə KİV-in peşə fəaliyyəti ilə əlaqədar istifadə etdikləri nəqliyyat vasitələri üzərində olan fərqləndirici nişan formasını da təsdiq edir. Həmin nişanın alınması və istifadə etmək qaydaları da Şuranın müvafiq Əsasnaməsi ilə tənzimlənir.

4.25. İdarə Heyəti Nizamnamədən irəli gələn, Qurultayın və Şura Sədrinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

4.26. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmamaq şərtilə Sədr tərəfindən çağrılır. İclas onun işində İdarə Heyətinin üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətlidir. İclasların qərarları orada iştirak edən üzvlərin səs çoxluğu ilə açıq səsvermə yolu ilə qəbul olunur. İclasları Şuranın sədri aparır. İdarə Heyətinin iclaslarında qəbul olunan bütün qərarlar İdarə Heyətinin müəyyən etdiyi qaydada mətbuat orqanlarına və geniş ictimaiyyətə çatdırılır.

4.27. Şuranın Sədri Qurultay tərəfindən İdarə Heyətinin üzvləri arasından 4 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

4.28. Sədr:

4.28.1. Şuranın cari fəaliyyətinə rəhbərlik edir, Qurultayların, İdarə Heyətinin, Nəzarət-təftiş Komissiyasının, Şikayətlər üzrə Komissiyanın qərarlarının yerinə yetirilməsini təmin edir;

4.28.2. Şuranın illik büdcəsinin, əsas tədbirlər planlarının, kompleks və digər proqramların layihələrini hazırlayıb müzakirə və təsdiq üçün Şuranın müvafiq orqanlarına təqdim edir;

4.28.3. Qurultayda baxılmalı olan məsələlərin hazırlanmasına ümumi rəhbərliyi həyata keçirir;

4.28.4. Qurultaya öz fəaliyyəti barədə hesabat verir;

4.28.5. Dövlət, ictimai və digər təşkilatlarla münasibətlərdə, eləcə də Şuranın beynəlxalq əlaqələrində Şuranı təmsil edir;

4.28.6. Şuranın adından sənədləri imzalayır, müqavilələr bağlayır;

4.28.7. İdarə Heyətinin iclaslarını çağırır və müzakirəyə məsələlər çıxarır;

4.28.8. Katiblik aparatının işçilərini təyin edir və işdən çıxarır;

4.28.9. Nizamnamədə yuxarı orqanların səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri yerinə yetirir;

4.28.10. Sədr vəzifəsi boşaldıqda və ya sədr başqa yerdə olduqda, habelə səhhəti ilə əlaqədar vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətlərini sədr müavinlərindən biri icra edir.

4.29. Şikayətlər üzrə Komissiya:

4.29.1. Mətbuatın fəaliyyətinə dair şikayətlərin araşdırılması və İdarə Heyətinin müzakirəsinə hazırlanması üçün İdarə Heyəti  üzvlərindən ibarət Şikayətlər üzrə Komissiya yaradılır. Komissiyaya üzvlük Nizamnamənin 3-cü hissəsinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:

Komissiya sədrdən və altı üzvdən ibarət olur. Şuranın sədri eyni zamanda komissiyanın sədri və ya üzvü ola bilməz. Komissiyanın işinə Şuranın İdarə Heyəti üzvlərindən seçilmiş sədr müavinləri növbə ilə rəhbərlik edirlər. Komissiyanın üzvləri üç nəfər jurnalistdən, iki nəfər ictimaiyyətin, bir nəfər internet portalların nümayəndəsindən olmaqla iki illik müddətə seçilir. Üçüncü il komissiyanın üzvləri tam tərkibdə dəyişdirilir və bu yolla sədr istisna olmaqla İdarə Heyətinin bütün üzvlərinə komissiyanın fəaliyyətində bilavasitə iştirak etmək imkanı yaradılır.

4.29.2. İdarə Heyəti vaxtaşırı öz qərarı ilə yeni tərkib və səlahiyyətlərdə başqa komitələr və komissiyalar da yarada bilər.

4.29.3. Hər hansı səlahiyyəti İdarə Heyəti dəqiq olaraq komissiyaya verməyibsə, o, heç bir müstəsna səlahiyyətə malik ola bilməz.

4.29.4. Komissiya Katibliyə daxil olan şikayətlərə, ərizələrə baxır, müstəqil olaraq onların yoxlanılmasını və tərəflərin dinlənilməsini təşkil edir; dinləmələr nəticəsində qərar layihəsi hazırlayır və onu İdarə Heyətinin iclasında müzakirəyə çıxarır.

4.29.5. Komissiya Şuranın təsdiq etdiyi reqlament əsasında fəaliyyət göstərir.

4.30. Katiblik:

4.30.1. Mətbuatın fəaliyyətinə dair İdarə Heyətinə şikayətlərin verilməsi üçün onun daxilində daimi fəaliyyət göstərən Katiblik yaradılır.

4.30.2. Katibliyin işlərini icraçı katib və Sədrin işə götürdüyü ştatlı işçilər yerinə yetirir.

4.30.3. Katibliyin fəaliyyətinə ümumi rəhbərliyi Şuranın Sədri həyata keçirir.

4.30.4. Katiblik İdarə Heyətinin təsdiq etdiyi reqlament əsasında fəaliyyət göstərir.

 

5. ŞURANIN ƏMLAKI VƏ MALİYYƏSİ

5.1. Şura  qeyri-hökumət təşkilatı olduğuna görə onun gəlirləri və mənfəəti birbaşa bu Nizamnamədə qeyd olunmuş məqsədlərə yönəldilir və heç vaxt heç bir qaydada Şuranın üzvləri və təsisçiləri arasında bölünə bilməz.

5.2. Şura qiymətli kağızlar, əmlak və qeyri-əmlak hüquqlarını əldə edə bilər.

5.3. Şuranın mülkiyyətində və ya operativ idarəsində qanunvericilikdə qadağan olunmamış növlərdə əmlak ola bilər.

5.4. Şuranın əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

5.4.1. Şura təsisçilərinin müntəzəm və birdəfəlik olaraq ödədikləri üzvlük haqları;

5.4.2. Könüllü əmlak haqları və ianələri;

5.4.3. Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;

5.4.4. Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən  gəlirlər;

5.4.5. Qrantlar;

5.4.6. Nəşriyyat fəaliyyətindən gələn gəlirlər;

5.4.7. Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.      

5.5. Sədrin, Katiblik işçilərinin əmək haqları, Şuranın fəaliyyəti ilə əlaqədar xərclərin ödənilməsi və Şuranın təsdiq etdiyi xidmət haqlarına dair ödənişlər Şuranın xərcləri hesab olunur.

5.6. Üzvlük haqlarının və Şuranın fəaliyyəti ilə əlaqədar daxil olan digər gəlir növlərinin hamısı Şuranın rəhbər orqanlarının sərəncamına verilir. Şura öz maliyyəsinin və əmlakının tam sahibi və mülkiyyətçisidir.

5.7. Hər il Şuranın hesabına daxil olan pul vəsaitləri, onun xərcləri, həmçinin Şuranın üzərinə götürdüyü öhdəliklər və aktivlər barəsində İdarə Heyəti hesabat hazırlamalı və onu İdarə Heyətinin seçdiyi peşəkar auditor yoxlamalıdır. Auditor yoxlamasının nəticələri hər bir təsisçinin arzusu ilə onlara ayrılıqda təqdim edilməli və mətbuatda dərc olunmalıdır.

5.8. Nəzarət-Təftiş Komissiyası Şuranın vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Şuranın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK-nın say və tərkibi Qurultay tərəfindən müəyyən edilir. NTK üzvlərinin səlahiyyət müddəti 4 ildir.

5.9. NTK Şuranın üzvlərindən və təsisçilərindən daxil olan ərizələrə bir ay ərzində baxıb cavab verməlidir.

           

6. ŞURANIN FƏALİYYƏTİNİN DAYANDIRILMASI

6.1. Şuranın fəaliyyəti qurultayın qərarı ilə dayandırıla bilər.

6.2. Şura qurultayın qərarı və ya məhkəmənin qətnaməsi ilə ləğv oluna bilər;

6.3. Şuranın ləğv olunması barədə qərar Qurultayda 2/3 səs çoxluğu ilə qəbul edilir.

6.4. Şuranın fəaliyyətinə Şuranın yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, cevrilmə) və ya Şuranın ləğv edilməsi yolları ilə xitam verilir.

6.5. Şura qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Şuranın yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və cevrilmə formalarında onun təsisçilərinin və ya təşkilatın nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

6.6. Şuranın başqa təşkilatın ona birləşmə, qoşulma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanının onlardan birinin fəaliyyətinə xitam vermək haqqında qeyd aparıldığı andan sayılır.

6.7. Şuranın ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanının onlardan birinin ayrılması və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi və yeni qeyri-hökümət təşkilatının təsis edilməsi haqqında qeydlər apardığı andan sayılır.

6.8. Birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

6.9. Şura ləğv edildikdə onun əmlakı Şuranın Nizamnaməsində göstərilmiş məqsədlərə, bu, mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Şuranın ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

 

7. KEÇİD MÜDDƏALARI

7.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

7.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edirsə, qanunvericiliyin müddəaları tətbiq edilir.