Xarici media nümayəndələri Mətbuat Şurasında olublar

about1

Bu gün Böyük Britaniyanın, Albaniyanın və Gürcüstanın media nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar. MŞ İdarə Heyətinin üzvü Elşad Eyvazlının rəhbərlik etdiyi Parlament Jurnalistləri İctimai Birliyinin dəvəti ilə ölkəmizə gəlmiş Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarında yer alan Alpaslan Duvenin, Albaniyanın "İnfowebmedia" rəqəmsal platformasının nümayəndəsi Anisa Bahitinin və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının təmsilçisi Avtandil Otinaşvilinin ölkəmizə səfərlərindən məqsəd Qərbi Azərbaycan reallıqlarının beynəlxalq mediada işıqlandırılmasına dəstək göstərilməsidir.

Bunu və qonaqların səfərləri barədə digər məqamları açıqlayan E.Eyvazlı çıxışında, həmçinin, Mətbuat Şurasının yaranma tarixindən, Azərbaycanda medianın özünütənzimləməsi sahəsində gördüyü işlərdən bəhs edib. O bildirib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. E.Eyvazlı qonaqları bununla bağlı spesifik cəhətlər barədə məlumatlandırıb, mövcud istiqamətdəki statistikanı açıqlayıb.

MŞ İdarə Heyətinin, eyni zamanda, qurumun Beynəlxalq əlaqələr komissiyasının üzvü Yeganə Hacıyeva Şuranın xarici media orqanları ilə təmaslarından söz açıb. Y.Hacıyeva mövcud istiqamətdəki ardıcıl fəaliyyətin ayrı-ayrı tərəfləri barədə məlumat verərək vurğulayıb ki, MŞ-nin başlıca məqsədi təcrübə və informasiya mübadiləsinə yönəlmiş etibarlı əməkdaşlıq platformasının qurulmasıdır.

Qonaqlar çıxışlarında Azərbaycana səfərlərinin, keçirdikləri görüşlərin onlarda təəssürat zənginliyi yaratdığını bildiriblər. MŞ-nin icraçı katibi Əvəz Rüstəmovun, icraçı katibin müavini İlqar Tağıyevin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın mümkün variantlarına nəzər salınıb.  

29.08.2023