Mətbuat Şurası əməkdar jurnalist Vasif Səmədovun vəfatı ilə bağlı nekroloq yayıb

about1

Müasir Azərbaycan mediasının tanınmış simalarından olan əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü, yazıçı-publisist, ölkəmizin, xüsusən də Qarabağ həqiqətlərinin təbliğində mühüm rol oynamış Vasif Səmədov dünyasını dəyişib.

Vasif Həzərxan oğlu Səmədov 1950-ci il yanvarın 22-də Masallıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Zəngin peşə fəaliyyəti müddətində “Azərbaycan pioneri”, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (o zamankı Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi), “Azərbaycan gəncləri”, “Xalq qəzeti” (o zamankı “Kommunist”), “İzvestiya”, “Rossiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi tanınmış media orqanlarında məsul vəzifələr tutub, “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi Asiya və Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.

V.Səmədov jurnalistikada həm peşəkarlıq, həm də vətənpərvərlik örnəyi kimi yadda qalmış ustad qələm sahidir. Onun yaradıcılığında siyasi, ideoloji mahiyyət, məzmun konkretliyi daim ön planda dayanıb. Azərbaycan xalqının mənəvi dəyərlərini, mental xüsusiyyətlərini ifadə edən yazıları elmi-fəlsəfi təhlil yükü ilə seçilib. Jurnalistin müxtəlif səpkili məqalələri üçün Vətənə bağlılıq, Qarabağ dərdi, torpaq həsrəti başlıca mövzu olub. Bütün bunlar və misilsiz ziyalı keyfiyyətləri qələm sahibinin fəaliyyətinə rəğbət formalaşdırıb.

Adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” biblioqrafik sorğu kitabına daxil edilmiş, “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi kimi dəyərli vəsaitin həmmüəllifi, müxtəlif məzmunlu geniş yaradıcılıq diapazonuna malik ustad jurnalist yaddaşlarda əsl əməksevərlik və təəssübkeşlik nümunəsi olaraq qalacaq.

V.Səmədov özünün nəcib keyfiyyətləri, səmimiyyəti və qayğıkeşliyi ilə də örnək simadır. Belə bir şəxsin vəfatı onu tanıyan hər kəs üçün ağır itkidir. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına, sənət dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini, kədərlərini bölüşür və səbr diləyir.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

29.04.2024