Özbəkistan Jurnalistlər İttifaqının sədri Mətbuat Şurasında olub

about1

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı olan Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələr dərinləşməkdədir və artıq ikinci dəfə keçirilən Azərbaycan–Özbəkistan Media Forumu münasibətlərin strateji xarakter almasından xəbər verir. Bunu sevindirici məqam kimi vurğulayan R.Məcid münasibətlərdəki sağlam təməlin bundan sonra daha uğurlu nəticələrin əldə olunması üçün baza rolunu oynayacağına əminliyini ifadə edib. O, MŞ-nin Özbəkistan Jurnalistlər İttifaqı ilə əməkdaşlığını da ümumi işə mühüm töhfə kimi qiymətləndirib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov da çıxışında rəhbərlik etdiyi qurumla MŞ-nin sıx təmaslarından söz açıb və bu baxımdan təşkilatların ötən il aprelin 22-də imzaladıqları Əməkdaşlıq Memorandumundan söz açıb. O bildirib ki, həmin sənəd çərçivəsində Özbəkistandan Azərbaycana, eyni zamanda Azərbaycandan Özbəkistana media təmsilçilərinin səfərləri təşkil olunmaqdadır. Bu səfərlər həm təcrübə mübadiləsi, həm də getdikcə qloballaşan struktura malik dünya media məkanında ortaq maraq və mənafelərin qorunmasına müştərək yanaşmanın nümayişinə dəstək nöqteyi-nəzərdən önəmlidir.

Qeyd edək ki, X.Səlimov Özbəkistan Jurnalistlər İttifaqının fəxri üzvlük vəsiqələrini MŞ sədri Rəşad Məcidə və Şuranın İdarə Heyətinin üzvü Hacıbəy Heydərliyə təqdim edib. Görüşdə “Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarova və “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlıya da qurumun fəxri üzvlük vəsiqələri təqdim olunub.

30.09.2025